HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimləri konfransda çıxış ediblər

11/12/2017

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli – 2017: uğurlar və perspektivlər" mövzusunda konfrans keçirilib.
Cari il ərzində görülmüş işlər, əldə olunmuş uğurlar, qarşıya çıxan əsas problemlər, eyni zamanda, növbəti illər üçün əsas hədəflərin müzakirə edilməsi məqsədilə keçirilən konfransda Komitənin rəsmi nümayəndələri, elm və din xadimləri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində Dövlət Komitəsi tərəfindən müxtəlif səpkili tədbirlər, konfranslar, seminar-müşavirələrin həyata keçirildiyini bildirib. Sədr müavini bügünkü konfransın dövlət-din münasibətlərinin daha effektiv şəkildə tənzimlənməsi, din siyasətinin uğurla həyata keçirilməsi, eləcə də dünyəvi dövlətin əsaslarının düzgün təbliğ olunması sahəsində milli kadrların potensialından istifadəsi, fəal iştirakı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “İslam həmrəyliyini zəruri edən amillər” adlı təqdimatla çıxış edib. R.Əsgərov bildirib ki, İslam aləmi ciddi çağırışlar, öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir və əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı vardır. O, İslam həmrəyliyini zəruri edən amillər arasında siyasi, iqtisadi və mənəvi amillərin də mövcud olduğunu diqqətə çatdırıb.
Konfransda çıxış edən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə bildirib ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. Dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili "Multikultiralizm ili", 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi bütün dünyaya dinindən, dilindən və irqindən asılı olmayaraq insanların həmrəy yaşaması üçün bir çağırışdır.
Bakı Dövlət Universitetinin respublika miqyasında keçirilən tədbirlərin daim fəal iştirakçısı olduğunu deyən dekan müavini universitetin "İslam Həmrəyliyi İli" çərçivəsində çoxsaylı tədbirlər təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycan dövlətçiliyinin daim sadiq keşikçisi olub, müstəqilliyimizin qorunub saxlanılmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin, ölkədə maarifçiliyin inkişafında, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında mühüm rol oynayıb.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "İslam Həmrəyliyi İli"nin ölkəmiz üçün əhəmiyyətindən, əldə olunan uğurlar və perspektivlər barədə danışıb. Qeyd edib ki, Azərbaycan tarixən İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olub. Eyni zamanda, ölkəmiz İslam mədəniyyətinə, elminə böyük töhfələr verib. Buna paralel olaraq, dünyəviliyə, sivilizasiyalararası, dinlərarası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün örnək olub.
İdeoloji müstəvidə din sahəsindəki təhdidlər barədə danışan Komitə sədrinin müavini bildirib ki, əsas problem dini kimliyimizin milli kimliyimizə qarşı məqsədli şəkildə qoyulmasıdır. Belə ki, bəzi radikal və məzhəbçi dini qruplar İslam dinini Azərbaycançılığa qarşı qoymağa çalışır. Bu baxımdan hər bir dindarın təəssübkeş müsəlman olduğu kimi, təəssübkeş azərbaycanlı olması da əsas hədəfimizdir.
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi Aqil Şirinov qeyd edib ki, fakültə fəaliyyəti dövründə milli adət-ənənələrə sadiq qalıb, məzunlarımızın Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və  möhkəmləndirilməsi ruhunda yetişdirilməsinə daim diqqət göstərilib. İlahiyyat fakültəsi 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar xeyli işlər görüb.
Konfransda "İslam Həmrəyliyi İli – 2017: uğurlar və perspektivlər" mövzusu ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələrin sualları cavablandırılıb.


 

Bookmark and Share