HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Qırmızı qəsəbə

Səbinə Vaqifqızı

“Qırmızı Qəsəbə” Quba rayon mərkəzinin iki-üç kilometrliyində, Qudyalçayın kənarında yerləşir. Paytaxt Bakıdan təxminən iki yüz kilometr şimalda yerləşən bu qəsəbədən keçərkən təmtəraqlı binalarla yanaşı, dini məbədlər-sinaqoqlar-gözə dəyir.
Dağ yəhudiləri Şərqi Qafqazda, əsasən, Azərbaycan və Dağıstanda kök salmış yəhudilərdir. Azərbaycanda dağ yəhudilərinin kompakt yaşadığı yer “Qırmızı Qəsəbə”dir. 1926-cı ilədək bu qəsəbə “Yəhudi qəsəbəsi” adlanıb. Sonra Sovet qurulanda, rusların 11-ci Qırmızı ordusu Azərbaycana daxil olarkən bu qəsəbədən keçib və bu ordunun şərəfinə qəsəbə “Qırmızı qəsəbə”adlanıb. Əhalinin 99%-i dağ yəhudilərdən ibarət olan qəsəbədə azərbaycanlılar və ləzgilər də yaşayır.
On beş ildir “Qırmızı Qəsəbə” Dağ Yəhudilərinin Dini İcmasına rəhbərlik edən Boris Semanduyevlə qəsəbədə yerləşən ən möhtəşəm sinaqoqlardan birində görüşdük. O deyir ki, tarixi mənbələrə görə, Azərbaycanda yəhudi məskunlaşmaları təxminən 2,5 min il əvvələ təsadüf edir. “Qırmızı Qəsəbə”nin tarixi isə üç əsrə yaxındır. Vaxtilə bu qəsəbədə səkkiz min yəhudi yaşasa da, indi əhalinin sayı 3600 nəfərdir: “Qəsəbənin tarixində hələ belə hal olmayıb ki, istər dini, istərsə də etnik baxımdan azərbaycanlılar ayrı-seçkilik salsınlar. Biz çox mehriban, dostca yaşamışıq, yaşayırıq da. Burada tolerantlıq yüksək səviyyədədir. Yəhudilər də çox sülhsevər xalqdır”. Yeri gəlmişkən, burada dağ yəhudiləri bir-birilə görüşəndə şalom deyirlər. Müsəlmanların salam sözünə bənzəyən bu söz sən demə elə eyni mənanı bildirir. Yəni sülh, əmin-amanlıq olsun hər kəsə.
Qəsəbənin mərkəzi küçəsi 18-ci əsrdə yaşamış Quba xanı Fətəli xanın adını daşıyır. O, “Qırmızı Qəsəbə”də yaşayan yəhudilərə dostca yanaşıb, onları himayə edib. Azərbaycan müstəqillik əldə edəndən sonra da dağ yəhudiləri Leninin adını daşıyan bu küçəni Fətəli xan küçəsi adlandırır.
Boris Semonduyev deyir ki, qəsəbədə on üç sinaqoqdan yalnız səkkizi qorunub saxlanıb. Hazırda real olaraq onlardan ikisi sinaqoq olaraq qapısını camaatın üzünə açır. Qəsəbə icması öz gücüylə bu sinaqoqu on dörd il bundan qabaq restavrasiya edib. Qilkati adlanan bu sinaqoq qəsəbədə altı kublu tikilən yeganə sinaqoqdur. Boris Semanduyev sinaqoqun qısaca da olsa tarixini anladır. Deyir ki, Quba xanı Hüseynəli xanın dövründə dağ yəhudiləri ondan xahiş edir ki, onlara yaşamaq üçün bir yer versin. O da Qudyalçayın şərq sahilində, bax bu yeri dağ yəhudilərinə verir: “Altı günə yəhudilər gəlib bu yerə çatırlar. Və simvolik olaraq altı kublu bax bu sinaqoqu tikirlər”.
Boris Semonduyev deyir ki, sinaqoqda gün ərzində üç dəfə ibadət olunur. Əgər məscidlərdə ibadət zamanı azan oxunursa, sinaqoqlarda tam əksinə xüsusi çağırış olmur: “İnsanlar ibadət vaxtını əzbər bildiyindən özləri gəlib dua edirlər. Səhər ibadəti saat 8-də başlayır. Günorta ibadətinə axşam saat 8-də, axşam ibadətinə isə axşam saat 9-da gəlirlər”.

Bakıdakı dağ yəhudilərinin sinaqoqundan fərqli olaraq buradakı sinaqoqlarda qadınlar üçün ibadət yeri yoxdur. “Qırmızı Qəsəbə”də qadınlar sinaqoqda ibadət etmirlər. Onlar yalnız bayramlarda sinaqoqa gəlirlər. Azərbaycanda Dağ Yəhudi İcmasının sədr müavini Semyon Şalmeyev deyir ki, Bakıdakı dağ yəhudilərinin sinaqoqunda qadınlar üçün ibadət yeri olsa da onlar heç də hər gün ibadətə gəlmirlər. Çünki qadınlar daha çox ev işləriylə məşğuldurlar. Bakıdakı dağ yəhudilərinin sinaqoqundan söz düşmüşkən Semyon Şalmeyev deyir ki, sinaqoq sökülə bilər. Çünki həmin ərazidə park salındığından sinaqoqun yerini dəyişəcəklər: “Biz istəyirik ki, sinaqoqun yeni yeri yaxınlıqda olsun, çünki yaşlı yəhudilər gedib-gələ bilsinlər. İndi biz sinaqoqun yeni yerinin proyektini hazırlayırıq. Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edəcəyik. Ümid edirik ki, köhnə sinaqoq sökülməmiş yenisi tikiləcək ki, narahatlıq olmasın”.
“Qırmızı Qəsəbə”də isə bir çox sinaqoqun təmirə ehtiyacı var. Boris Semanduyevin sözlərinə görə, qəsəbə camaatı təmir üçün dövlətə heç vaxt üz tutmayıb: “Xaricdə yaşayan imkanlı biznes adamlarımız var ki, onlar bizə yardım edirlər. Mütəmadi olaraq problemlərimizi həll etmək üçün müxtəlif məbləğdə pul yollayırlar”. Boris Semanduyev deyir ki, hələlik bir sinaqoq tam təmir olunub. Hətta sinaqoqun nəzdində peşə məktəbi də var: “Gənclər könüllü olaraq gəlib yəhudi adətini, dinimizi öyrənirlər. Sinaqoqlardan birini isə aptek olaraq istifadə edirik. Orda Humanitar Tibb təşkilatı da fəaliyyət göstərir. Təşkilatdan qəsəbəyə gələn olanda onları burada yerləşdiririk ki, camaatı rahat müayinə edə bilsinlər”.
Qəsəbənin təmiz, asfaltlı küçələri ilə gəzərkən “Səadət evi” gözə dəyir. Bu binanın da fasadına qəsəbənin əksər evlərində olduğu kimi altıbucaqlı ulduz həkk olunub. Sakinlər deyir ki, “Səadət evi” bir vaxtlar sinaqoq olub.
Bakı küçələrindən fərqli olaraq “Qırmızı Qəsəbə”də bir nəfər də dilənçi gözə dəymir. Halbuki dağ yəhudilərinin ən böyük problemləri işsizlikdir. Dilənçilərin olmamasına səbəb odur ki, iudaizm dininə görə, ehtiyacı olan kəs dilənməli deyil. Kasıblara sinaqoqlarda nəzir qutusu qoyulur. Qutuya yığılan pulu ehtiyacı olan kəslər götürür. Yardımın anonimliyi çox önəmlidir. Çünki iudaizmə görə, ehtiyacı olan birinin əlinə pul uzatmaq onu alçatmaq deməkdir. Bakıda dağ yəhudilərinin sinaqoqunda da bu adət gözlənilir.

“Qırmızı Qəsəbə”də çayxanalarda oturub nərd oynayan kişilər çoxdur. Onların arasında azərbaycanlılar da var. “Dağlı kənd” sakini azərbaycanlı Əlyar Ramazanov deyir ki, yəhudi qəsəbəsinə tez-tez gəlir. O, dağ yəhudiləriylə birgə çayxanada oturub nərd oynamağı xoşlayır. Azərbaycanlıların yaşadığı kəndləri qəsəbədən bir şey ayırır-Qudyal çay. Qəsəbədə barmaqla sayılacaq sayda olan müsəlmanlar məsciddə ibadət etmək üçün çayın o biri tayına keçməli olurlar. Çünki qəsəbədə məscid yoxdur.

Qudyal çayı keçib bu qəsəbəyə yollanan azərbaycanlılar arasında uşaqlar da var. On dörd yaşlı Pərviz Əmirbalayev çayın o biri tayında yerləşən “Dağlı kəndi”ndən gəlir: “İş üçün gəlirik bura, alverlə məşğuluq. Öz bağımızda becərdiyimiz armud, böyürtkəni vedrələrə yığıb bu qəsəbədə satıram”. Pərviz deyir ki, bir iri vedrə böyürtkəni 5 manata satır. Bu qəsəbədə isə ən çox evlərdən xoşu gəlir: “Bizim kəndlə müqayisədə buranın şəraiti qat-qat yaxşıdır. Kəndimizin yolları palçıqdır, bura isə asfaltlıdır”.

Pərvizin həmkəndlisi on bir yaşlı Nicat Abdulxalıqov da bu qəsəbəyə mer-meyvə satmağa gəlir. Hər gün uşaqlar 3-4 kiloqram çəkisində olan vedrələrlə piyada Qudyal çayı keçməli olurlar. Onlar bura yaşıdlarıyla oyun oynamağa yox, evə pul qazanmağa gəlirlər. Nicat deyir ki, pulun ucundan qalanda özünə məktəb paltarı da ala bilir. “Qırmızı Qəsəbə”nin camaatı Azərbaycan dilində danışa bildiyindən uşaqlara gəlib burada alver eləmək çətin deyil.

Qəsəbənin 52 yaşlı sakini İlazər Xudazatov deyir ki, İsraildən fərqli olaraq bu qəsəbədə kişi daha üstün rol oynayır. Nəsil kişi xətti ilə gedir, qadın yox: “Azərbaycanlılarda olduğu kimidir. Dağ yəhudilərinin digər yəhudilərlə fərqləri danışıqlarında, bir də adətlərində hiss olunur. Dağ yəhudilərinin dili fars dilinə bənzəyir. Bizim toylarda qadınlar və kişilər bir yerdə şənlənir.

Ilazər Xudazatov deyir ki, əsas problem işsizlikdir: “Burda elə bir iş yeri yoxdur ki, camaat işləsin. Sovet dövründə sovxozlar olurdu. İndi də belə bir obyekt olsaydı kişilər də ailələrini qoyub iş dalınca Rusiyaya getməzdi Son bir ildə əhalinin sayı azalıb, buna da səbəb işsizlikdir”.

“Qırmızı Qəsəbə”də adamda maraq oyadan adətlər var. Qəsəbədə bir nəfər də qız uşağı gözə dəymir. Yalnız arada-bir mağazaya gedən qadınları küçədə görmək olur. Qəsəbə sakini Aida Ağarunova deyir ki, qızların küçəyə çıxması adətdə yoxdur. Burada qızlar ali təhsil də almırlar. Oğlanlar da məktəbdə oxuyarkən, ya da toylarda görüb bəyəndiyi qızla ailə qurur: “Qızlar 16-18 yaşlarında ərə gedir, oğlanlarsa 24-25 yaşlarında ailə qurur. Çox vaxt böyüklər qız bəyənib oğlana göstərirlər. Oğlan da bəyənsə evlənir”. Azərbaycanda Dağ Yəhudi İcmasının sədr müavini Semyon Şalmeyev deyir ki, ümumiyyətlə, Bakıda yaşayan dağ yəhudilərində də bu adət qorunur: “Amma burda qızlar ali təhsil alırlar. Burda da oğlan bir qızı bəyəndisə mütləq böyüklərin razılığını alır”.

Aida Ağarunova da qəsəbədə işsizliyin dərd olduğunu deyir: “Evlər imarət kimi görünsə də insanlar ehtiyac içində yaşayır. İş olsaydı biz qadınlar da işləyərdik”.

“Qırmızı Qəsəbə”də doğulub böyüyənlər, İsraili bir dəfə də görməyən sakinlərdən soruşanda ki, övladlarına İsraili necə tanıdırlar, deyirlər ki, yalnız video kasetlərlə. Amma onlar heç də üzülmürlər. İsraildən çox-çox uzaq olan bu qəsəbədə məskən salan dağ yəhudiləri üçün bura da Vətəndir.

Bookmark and Share