HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

 

 

 

“ Alimə hörmət etmiş mənə hörmət etmişkimidir “

 

Həzrəti Məhəmməd Peygəmbər(s.ə.s.)

Görkəmli alim Hacı   Vasim Məmmədəliyev  15 qiymətli kitabın, 200-dən çox elmi əsərin müəllifidir. Bundan əlavə 200-ə yaxın qəzet məqaləsi də var. Kitablarından “ Bəsrə qrammatika məktəbi ”, “ Küfə qrammatika məktəbi ”, “ Ərəb  dilçiliyi ”, “ Ərəb ədəbi dilində felin zaman, şəxs, və şəkil kateqoriyaları ” xüsusi qeyd olunmağa layiqdir. Akademik Ziya Bünyadovla birlikdə “ Qur`ani-Kərimi” Azərbaycan dilinə izahlı tərcümə etməsi çox təqdirə layiq işdir. Hacı Vasimin  bədii və elmi tərcümələri də az deyil. Mirzə Cəlildən tərcümələri, Fikrət  Əmirova həsr olunmuş kitabın,  akademik  Həmid Araslının “ Xaqani Şirvani ” kitabının tərcüməsi var.
Alimin 15 elmlər namizədi yetişdirməsi, bir neçə doktorluq dissertasiyalarına isə elmi məsləhət kimi kömək göstərməsi də yüksək qiymətə layiqdir.  
Hacı Vasimi beynəlxalq miqyasda, 55 ölkənin daxil olduğu İslam Konfransı Təşkilatında yaxşı tanıyırlar. Görkəmli alimimiz bu böyük və nüfuzlu beynəlxalq təşkilatın müxtəlif yığıncaqlarında, simpozium və konfranslarında dəfələrlə çıxış edib.
Qafqaz müsəlmanları içində alimin xüsusi hörməti, özünəməxsus şərəfli yeri var. Dağıstanın, Çeçenistanın, Şimali Osetiyanın, Kabarda-Balkar respublikasının, Qaraçay və Çərkəz respublikasının, Stavropol və Krasnodar diyarlarının, Gürcüstanın dini dairələri, din xadimləri, dindarları Vasim Məmmədəliyevi yaxşı tanıyır və sevirlər. O, çıxışlarına adətən ərəb dilində başlayır, Qur`ani-Kərimdən, hədislərdən, rəsmi dini mınbələrdən iqtibaslar edir, sonra da Azərbaycan və ya rus dilində məruzəsini davam etdirir, bilik və səriştəsilə hamını heyran qoyur.
Hacı Vasim Məmmədəliyevin şərqşünas, xüsusən islamşünas və ərəbist alim kimi xidmətləri təqdirə layiqdir. Onun çağdaş dünyamızda bu sahədəki rolu çox qiymətlidir. İndiki vaxtda hər bir güclü şərqşünasın, tanınmış nüfuz sahibinin işi daha dəyərli görünür. Mübahisəsiz demək olar ki, Vasim Məmmədəliyev kimi müqtədir şərqşünas-alim başqa ölkələrdə yoxdur və Azərbaycanımız özünün bu böyük alimlə fəxr etməyə haqlıdır. Necə haqqı olmasın ki, Hacı Vasim onillərlə davam edən müddətdə Bakı Dövlət Universitetində şərqşünaslıq ( indi ilahiyyat) fakültəsinə, ərəb filologiyası kafedrasına uğurla başçılıq etmiş, Qur`ani-Kərimi yüksək səviyyədə, ustadcasına tərcümə etmiş, ərəbşünaslıq, islamşünaslıq, Yaxın Şərq ölkələrinin filologiyası sahəsində yüzlərlə ali təhsilli kadrlar, onlarla alim yetişdirmiş, dərin tədqiqatları ilə böyük nüfuz qazanmışdır. Ərəb filologiyasını incəliklərinə qədər dərindən bilən alimin Küfə qrammatika məktəbinə həsr olunmuş kitabı İraq ərəblərinin özünü heyran qoymuş, onlar Küfə qrammatika məktəbini öyrənmək üçün Bakıya gəlir, Vasim Məmmədəliyevdən dərs alırlar. Qafqaz müsəlmanları İdarəsinin elmi-dini şurasına başçılıq edən görkəmli alim Şeyxülislam Hacı Allahşukur Paşazadə ilə birlikdə İslam Konfransı Təşkilatı ölkələrinin müxtəlif konfrans, simpozium və sessiyalarında Azərbaycanı dəfələrlə uğurla təmsil etmiş, ərəb dilində etdiyi məruzə və çıxışlarla hamını heyran qoymuşdur.
Adətən görkəmli və hərtərəfli, həm də dərin biliklərə malik olan alimlərə qiymət verərkən,onun yalnız elmə verdikləri deyil, həm də təşkilatçılıq işi, təşkilatçı olması, məktəb yaratması, elmi və elmi-pedaqoji kadrlar yetişdirməsi nəzərə alınır. Əgər bu cəhətdən alim həm elm, həm də təhsil təşkilatçısıdırsa, bu, ikiqat, həm də bunlarla yanaşı məktəb yaradıbsa üçqat, üstəlik çoxlu kadrlar yetişdiribsə bu, dördqat qiymətə layiqdir. Hacı Vasim Məmmədəliyev məhz belə alimlərdəndir. 10 ildən artıq müddətdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə (1981-1991), sonra da 9 il ərzində (1993-cü ildən indiyə kimi) yeni yaradılmış ilahiyyat fakültəsinə başçılıq etmək, bu fakültələrin dekanı olmaq həqiqətən böyük təşkilatçılıqdır və yüksək qiymətə layiqdir.
Bu gün Azərbaycanda olan və hazırda da müvəffəqiyyətlə hazırlanan ərəb filologiyası üzrə mütəxəssislər onun yetişdirməsidir. Ərəb filologiyası sahəsində Vasim Məmmədəliyev məktəbi var və bu artıq təkcə respublikamızda deyil, həmçinin MDB ölkələrində, Türkiyədə, İranda, müxtəlif ərəb ölkələrində qəbul edilmiş tanınmış bir məktəbdir.
Vasim Məmmədəliyev şərqşünas ( əsasən ərəb filologiyası) olmaqla yanaşı, həm də ilahiyyatçıdır, ilahiyyat alimidir.  Bakı Dövlət Universitetində uzun müddət şərqşünaslıq, indi də ilahiyyat fakültəsinə başçılıq edən alimin fəaliyyətində ərəblərin dili, ədəbiyyatı, ümumdilçilik məsələləri, qrammatika məktəbləri, dialektlər və bunun kimi dil məsələlərilə yanaşı, Qur`ani-Kərimi, hədisləri, islamın tarixini, müqəddəslərin həyat və fəaliyyətini, müasir dövrdə islam ölkələrinin problemlərinin tədqiqi və tətbiqi də mühüm yer tutur.
Bu gün informasiyanı, bilikləri, şərh və izahatı televiziyasız təsəvvür etmək olmaz. Respublikada televiziya verlişlərini 8 milyonluq və bəlkə də daha çoxsaylı ( digər yerlərdə yaşayan azərbaycanlılar da daxil olmaqla) auditoriya izləyir. Hər cümə axşamı Vasim müəllim müntəzəm olaraq dini mövzularda çıxış edir. Qur`ani-Kərimin, hədislərin, islam problemlərinin şərhi üçün milyonlarla tamaşaçı ona borcludur.

Bookmark and Share