FAKÜLTƏNİN TARİXİ
Azərbaycan xalqının tarixini və mədəniyyətini elm, irfan, əxlaq və mənəviyyat dəyərləri daha da zənginləşdirmişdir. Azərbaycan öz milli dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir.
Sovet hakimiyyətinin ilk illərində və xüsusən XX əsrin 30-cu illərində həyata keçirilən repressiyalar dövründə müxtəlif Şərq ölkələrində təhsil almış yüksəkixtisaslı din xadimlərimiz təqiblərə və terrora məruz qalmış, ruhanilərimiz bir sinif kimi ləğv olunmuşdu. Belə bir şəraitdə savadlı din xadimlərimiz, demək olar ki, qalmadığından Azərbaycanda mövhumat din kimi qələmə verilir, bununla da müəyyən dairələr tərəfindən şüurlu şəkildə islamı hörmətdən salmağa cəhd göstərilirdi. XX əsrin 80-ci illərindən etibarən, ateizm siyasəti açıq-aşkar şəkildə artıq heç nəyə yaramır, xalq kütləvi şəkildə öz dini dəyərlərinə müraciət edir, dini mərasimləri leqal şəkildə icra etmək istəyini büruzə verir, gənclərimiz arasında dinə meyil gündən-günə güclənirdi. Bütün bunların nəticəsində Azərbaycanda yüksəkixtisaslı dini kadrlara böyük ehtiyac hiss olunurdu. BDU nəzdində İlahiyyat fakültəsinin yaranması məhz belə bir ehtiyacdan, belə bir zərurətdən doğmuşdur.
İlahiyyat fakültəsi 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuşdur. Fakültə yarandığı dövrdən onun dekanı akademik Vasim Məmmədəliyevdir. Yaxın Şərqdə, xüsusilə ərəb ölkələrində öz elmi fəaliyyəti ilə şöhrət qazanmış akademik Vasim Məmmədəliyev İslam Əməkdaşlıq Təşkilatı Fiqh Akademiyasının həqiqi üzvü, İraq Elmlər Akademiyasının müxbir üzvü, Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, Azərbaycan və Dağıstan Respublikalarının Əməkdar elm xadimidir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif olunmuşdur. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik V.M.Məmmədəliyev 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi Dini Şuranın sədridir.
İlahiyyat fakültəsi yarandığı gündən İslam elmləri üzrə kadr hazırlığı prosesində Türkiyə Cümhuriyyətinin tanınmış professor-müəllim heyəti yaxından iştirak etmişdir. İslam elmlərindən ilk dərs deyən müəllimlər prof. Təyyar Altıkulac, prof. Kamal Atik və prof. Cəlal Erbay olmuşlar. Onlardan sonra fakültədə professorlar Ərdoğan Pazarbaşı, Habil Nazlıgül, Əli Rəsuloğlu, Əli Ulusoy, Özgü Aras, Mövlud Fərligül, Həsən Güləc, Xalis Albayraq, Müjdat Ulucam, Zəkəriyyə Gülər, Saffet Köse, Əbdüləziz Xətib, Cem Zorlu, Seyfullah Sevim, Ələddin Dərman, Süleyman Akkuş, Rəhmi Yaran, Həsən Cirit, Hayrı Ertən, Kamil Günəş, Əhməd Fəthi Polad, Abdullah Kahraman, Ömər Aslan dərs demişlər.
İlahiyyat fakültəsinin təsis olunmasında Türkiyə Diyanət Vəqfinin keçmiş başkanı, tanınmış ilahiyyatçı, professor Təyyar Altıkulacın müstəsna xidməti vardır. O, indi də Türkiyə Diyanət Vəqfinin İlahiyyat fakültəsi üzrə təmsilçisi kimi fakültənin elmi-tədris bazasının möhkəmləndirilməsi və yüksəldilməsi sahəsində fəal rol oynayır.
Hazırda islam fənlərinin Türkiyədə ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış yerli kadrlar tərəfindən aparılması fakültənin böyük uğurlarından hesab edilir.
